Rusiya Gömrük Akademiyasının təşkilatçılığı ilə 17 noyabr tarixində "Müasir təhsildə yeni trendlər" adlı vebinar keçirilib.
Tehsil.biz xəbər verir ki, "Skype" proqramı üzərindən təşkil olunan vebinarda Akademiyanın Beynəlxalq əməkdaşlıq üzrə mütəxəssisi Leyla Nəcəfova və İqtisadiyyat ixtisasının 4 tələbəsi (I kurs tələbəsi Kamran Muradlı, II kurs tələbələri Şəfa Məlikzadə və Mənsurə Abdullayeva, III kurs tələbəsi Samir Aslanov) iştirak ediblər.
Tədbirdə Akademiyanın Beynəlxalq əməkdaşlıq üzrə mütəxəssisi Leyla Nəcəfova Covid-19 pandemiyası müddətində Akademiyanın ümumi fəaliyyəti, beynəlxalq əməkdaşlığı, ümumi tədris prosesi və tədris prosesində tətbiq edilən və tələbələr tərəfindən istifadə edilən elektron platformalar, kitabxanada mövcud olan elektron resurslar, həmçinin həm tələbələr, həm də gömrük xidməti orqanlarının əməkdaşları üçün qlobal virtual/distant təhsil imkanları barədə məlumat verib. Daha sonra beynəlxalq əməkdaşlıq çərçivəsində Şanxay Gömrük Kollecinin beynəlxalq təqaüdünü qazanmış və 3 aylıq proqramda iştirak edən tələbələr Şəfa Məlikzadə və Mənsurə Abdullayeva iştirak etdikləri Şanxay Gömrük Kollecinin distant şəkildə təşkil etdiyi proqram və tədris prosesi barədə təqdimat ilə çıxış edərək, ətraflı məlumat veriblər.
Tədbirdə mövzu ilə əlaqədar mövcud problemlər və onların həlli yolları barədə vebinar iştirakçıları ilə fikir mübadiləsi aparılıb, interaktiv müzakirələrin sonunda məruzəçilər iştirakçıların suallarını cavablandırıblar.